BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyəti (TEC) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov ilk seminarın Universitetin Kimya, Fizika, Coğrafiya, Tarix, Ekologiya və torpaqşünaslıq fakültələrinin iştirakı ilə keçirildiyini bildirib.
Qeyd edib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu nəzərə alaraq, bu mövzuda silsilə elmi, elmi-praktiki konfranslar, seminarlar, ustad dərsləri, müsabiqə və olimpiadalar təşkil olunur.
Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi Tahirə Hüseynzadə funksional və dayanıqlı şəhər məkanlarının yaradılmasına yönəlmiş şəhərsalma haqqında məruzə edib. Məruzədə velosiped infrastrukturu, yaşıl damlar və şaquli bağlar kimi təcrübələri tətbiq edən Kopenhagen, Sinqapur və Vankuver şəhərlərinin uğurlu nümunələri nəzərdən keçirilib, milli yaşıllaşdırma və tullantıların təkrar emalı proqramları da daxil olmaqla, Azərbaycanda bu istiqamətdə nəzərdə tutulan işlər barədə danışılıb.
Coğrafiya fakültəsinin tələbəsi Aygün Əzizova şəhər planlamasında və yaşıl inkişafda innovativ texnologiyaların tətbiqi, şəhərlərin davamlı inkişafı üçün zəruri olan addımlardan bəhs edib. Yaşıl infrastrukturların karbon emissiyalarının azaldılmasında rolunu diqqətə çatdırıb.
Tarix fakültəsinin tələbəsi Uğur Qismətlinin məruzəsində antropogenez prosesi, coğrafiyanın ilk insan tiplərinin təkamülünə və mədəniyyətlərin fərqliləşməsinə təsiri haqqında məlumat verilib, müasir insan tipinin sivilizasiyaların yaranmasında iştirakı, iqtisadi proseslərə təsiri qeyd edilib.
Kimya fakültəsinin tələbəsi Gülbən Məmmədova yaşıl yanacaqlar və onların tətbiqinə dair çıxışında qalıq yanacaqların təbiətə və ekologiyamıza verdiyi ziyanla bağlı faktlar səsləndirib. Məruzədə yaşıl yanacaqların alınması yolları və yanacaq əlavələri haqqında məlumat verilib.
Fizika fakültəsinin doktorantı Orxan Güləhmədov və tələbəsi Qurban Məmmədli öz çıxışlarında bərpaolunan enerji mənbələri , onların fiziki əsasları, hibrid enerji sistemləri (HES), gələcək perspektivləri, yaşayış məntəqələrində (qəsəbələr) enerji təminatının ödənilməsi üçün HES-in hazırlanması texnologiyası haqqında danışıblar. Məruzədə ağıllı paylama texnologiyasının tətbiqi və triboelektrik nanogeneratorların istifadəsi ilə özü-özünü enerji ilə təmin edən sensorlar əsasında ağıllı qəsəbə modelinin yaradılması müzakirə edilib.