BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC 2024) adlı II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub.
Konfrans Elm və Təhsil Nazirliyi, BDU və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
BDU-nun prorektoru Şahin Pənahov qeyd edib ki, Azərbaycanda inklüziv təhsilin təşkili sahəsində mühüm işlər görülüb və müvafiq qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanda “İnklüziv təhsil layihəsi”nin icrasına 2005-ci ildən start verilub. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməsində və onların təhsili üçün maneəsiz mühit yaradılmasında geniş imkanlar yaratmaqdadır.
BSU rektoru Anar Nağıyev konfransın sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilə cəlb olunması yollarını araşdırmaq, onların cəmiyyətə inteqrasiyası ilə bağlı gələcək addımları müəyyənləşdirmək məqsədini daşıdığını bildirib. Qeyd edib ki, inklüziv təhsil istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud uşaqların bərabər təhsilalma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına şərait yaradır.
BSU-nun Təhsil fakültəsinin dekanı Sevinc Axundova, BDU-nun Ümumi pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə təhsil sektorunun müdiri Ruslan Rzayev çıxışlarında inklüziv təhsil sahəsində görülən işlərdən söz açıblar.
Sonra məruzələr dinlənilib. BDU-nun Qazax filialının Pedaqoji fakültəsinin dekanı Hamlet İlyasov “Fiziki məhdudiyyətli şagirdlərlə fiziki tərbiyə fənninin təşkili”, Pedaqoji fənlər kafedrasının baş müəllimi Lamiyə Hacımuradova “Azərbaycanda inklüziv təhsilin inkişafı”, BSU-nun İbtidai təhsil kafedrasının baş müəllimi Arzu Məmmədova “Ali təhsil müəssisələrində inklüziv təhsilin məzmununun təkmilləşdirilməsi”, Gəncə Dövlət Universitetinin müəllimi Göyçək Pirverdiyeva “İnklüziv təhsili vacib edən əsas xüsusiyyətlər”, Qazax filialının müəllimlərindən Ayşən Qasımova “Sağlamlıq imkanları məhdud olan uşaqların sosiallaşması və cəmiyyətə inteqrasiyası”, Nuridə Quliyeva “İnklüziv siniflərdə ibtidai sinif şagirdlərinin sosiallaşması”, Vəfa İlyasova “İnklüziv təhsilin məktəb səviyyəsində təşkilinə verilən tələblər”, Gövhər Məmmədtağıyeva “İnklüziv siniflərdə autizm spektrli şagirdlərin adaptasiyası“, Ələviyyə Ömərova “İnklüziv siniflərdə tədrisin təşkili”, Gülnar Abdullayeva “İnklüziv təhsilin əsas partnyorları” və Aybəniz Murğuzova “İnklüziv təhsilin əmək bazarına uyğunlaşdırılması” mövzularında məruzə ilə çıxış ediblər.
Tədbirin sonunda bölmə iştirakçılarına sertifkatlar təqdim edilib.