BDU-da Novruz şənliyi
Novruz həyatın yenilənməsi, dirçəlişin rəmzidir. Xalqımızın şüurunda bolluq və bərəkətin, xeyirxahlığın təcəssümü kimi kök salıb, insanları daim birliyə, sülhə və əmin-amanlığa səsləyib. Novruz tariximizdən süzülüb gələn milli dəyərlər, təbiətin oyanması, canlanması, təmizlik, paklıq, bərəkət, barış bayramıdır. Bu il xalqımız üçün Novruz bayramı xüsusilə əlamətdardır. Bu il Novruzu bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə, sevinclə qeyd edirik. Azərbaycan Respublikasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqalları Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə də qalanır, doğma Qarabağımızda həyat qaynayır.
Bu gün Bakı Dövlət Universitetində (BDU) Novruz bayram şənliyi keçirilib. Tədbirdə BDU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələri, qonaqlar iştirak ediblər. Bayram şənliyində qonaqlar tələbələrin hazırladıqları bayram ekspozisiyası ilə tanış olublar, tələbələrə təbriklərini çatdırıblar. Novruz tonqalı qalanandan sonra bayram şənliyi BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib. Mərkəzin əməkdaşlarının ifasında Azərbaycan xalq mahnıları, rəqslər ifa olunub.