BDU-da nanohissəciklərin xərçəngin müalicəsində tətbiqi imkanları araşdırılır
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası və Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının (ETL) “Maqnit dərman çatdırılma sistemi: Xərçəngin müalicəsində terapevtik effektivliyin artırılması” mövzusunda birgə elmi seminarı keçirilib.
Seminarda Nanoaraşdırmalar ETL-in elmi işçisi Aynurə Kərimova mövzu ilə bağlı çıxış edib. O bildirib ki, ənənəvi müalicədə tətbiq olunan dərmanlar tam effektiv istifadə olunmur və yan təsirlərə malik olur. Belə ki, orqanizmə daxil olan dərman preparatlarının müəyyən bir hissəsi patologiyaya məruz qalmış hissəyə çatır, digər hissəsi isə sağlam toxumalara təsir edir. Son illər aparılan tədqiqatlar dərman preparatlarının hədəfə yönəlmiş şəkildə tətbiqi yollarının müəyyən edilməsinə həsr olunub. Bu məqsədlə nanohissəciklərin tətbiqi böyük maraq kəsb edir. Məruzəçi bu istiqamətdə apardığı tədqiqatlar barədə məlumat verib. O qeyd edib ki, cari ilin əvvəlində tədqiqatlar aparmaq üçün Almaniyanın Akademik Mübadilə Xidmətinin müvafiq proqramının dəstəyi ilə Heidelberq Universitetinin Mannhaym Tibb Mərkəzində elmi ezamiyyətdə olub. Mannhaym Tibb Mərkəzinin Cərrahiyyə klinikasının direktoru, professor Christoph Reissfelder və Sarkoma bölməsinin rəhbəri Vugar Yaqublunun rəhbərliyi altında Nanoaraşdırmalar ETL-də sintez olunmuş nanohissəciklərin tətbiqi ilə bağlı tədqiqatlar aparıb. Tədqiqatların məqsədi dərman hissəciklərinin dəmir-oksid nanohissəciklərlə birləşməsini əldə etmək, onların patologiyaya məruz qalan toxumalara daşınmasına və maqnit sahəsinin təsiri ilə orda zədələnmiş hüceyrələrə təsirinə nail olmaq olub.
Aynurə Kərimova dərman müalicəsinin nanohissəciklər ilə dəyişdirilməsi və qarşıda dayanan əsas maneələr barədə məlumat verib. O, həmçinin, nanoterapiyada istifadə olunan nanohissəciklər, onların quruluş və xassələrinə qoyulan əsas tələblər barədə danışıb. Eyni zamanda, insan kolon karsinoma hüceyrələrində şişə qarşı effektivliyi artırmaq üçün xrizin yüklənmiş maqnetit nanohissəciklərinin səthinin müxtəlif modifikasiya strategiyaları barədə məlumat verib. Seminarda kimyəvi yolla sintez edilmiş və sonradan səthi funksionallaşdırılmış maqnetit nanohissəciklərin quruluş xüsusiyyətləri, dərman yükləmə effektivliyi və dərman/daşıyıcı da daxil olmaqla müxtəlif parametrlərin tənzimlənməsi məsələləri də müzakirə edilib.