BDU-da Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasında Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
“Türkoloji dilçilikdə Məhəmməd Füzulinin dilinə dair görüşlər” alı elmi seminarda kafedra və laboratoriya əməkdaşları, Tələbə Elmi Cəmiyyətinin üzvləri iştirak ediblər. Seminarda mövzu ilə bağlı üç məruzə dinlənilib.
BDU-nun Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov dünya türkologiyasında Məhəmməd Füzuli irsinin tədqiqi ilə bağlı görülən işlərdən söz açıb, şairin özünəxas zəngin üslubunun daim dil tarixçilərinin diqqət mərkəzində olduğunu vurğulayıb.
“Bəkir Çobanzadənin elmi yaradıcılığında Məhəmməd Füzuli irsi” adlı məruzə ilə çıxış edən laboratoriyanın elmi işçisi Pərvin Eyvazov görkəmli türkoloq Bəkir Çobanzadənin “Füzuli və onun yeri” adlı məqaləsində şairin dili ilə bağlı mühüm tezisləri diqqətə çatdırıb, onu müasir dilçilik araşdırmaları ilə müqayisə edib.
Filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov “Akademik Tofiq Hacıyev Məhəmməd Füzulinin dili haqqında” adlı məruzəsində mərhum alimin Füzulinin dilinə dair sistemli elmi baxışlarından, görkəmli şairin ədəbi dil tariximizdə mühüm mərhələ təşkil etməsinə dair nəzəri cəhətdən əsaslandırılmış fikirlərindən danışıb.
Laboratoriyanın elmi işçisi Suqra Rəhmanovanın “Füzuli dilinin leksikasına dair görüşlər” adlı məruzəsində isə dahi şairin əsərlərinin lüğət tərkibi ilə bağlı dil tarixşünaslığındakı araşdırmalardan söz açılıb.
Türkologiya kafedrasının dosenti, dil tarixçisi İslam Vəliyev məruzələrdə qoyulan məsələlərə münasibət bildirib, şairin əsərlərinin əlyazmalarının dil-üslub özəlliklərinə, bu istiqamətdə ortaya çıxan müxtəlifliyin türkoloji dilçilikdə yaratdığı mübahisələrə nəzər yetirib.
Elmi seminar mövzu ətrafında aparılan müzakirələrlə başa çatıb.