BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının dosenti Nailə Mehrəliyeva məruzə edib. Araşdırmada orta əsr əlyazmalarının kolleksiyaçısı, klassik ədəbiyyat nümunələrimizin tədqiqatçısı və naşiri Salman Mümtazın mətnşünaslıq və biblioqrafiyaşünaslıq sahələrindəki fəaliyyəti öyrənilib.
Məruzəçi bildirib ki, Salman Mümtaz folklor mətnlərinin, aşıq poeziyası nümunələrinin və klassik ədəbiyyatımızın nümayəndələrinin əlyazmalarının toplanması, şərhi və nəşrə hazırlanması sahəsində böyük xidmətlər göstərib. Görkəmli mətnşünas uzun ilər apardığı araşdırmalar əsasında “El şairləri” adlı ikicildlik kitab çap etdirib, klassik ədəbiyyatımızın görkəmli simalarından Qövsi Təbrizi, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı və başqaları haqqında sanballı məqalələr çap etdirib, klassiklərin elmi-tənqidi mətnlərini hazırlayıb.
Məruzədə Salman Mümtazın keşməkeşli həyatından da bəhs edilib: “Salman Mümtaz 1937-ci ildə xalqımızın bir sıra görkəmli şəxsiyyətləri kimi repressiyaya məruz qalıb, həbs olunub, 1941-ci ildə isə güllələnib. Onun həbsi zamanı topladığı 270 əlyazma məhv edilib. 2024-cü ilin mayında anadan olmasının 140 ili tamam olan Salman Mümtazın xatirəsi hər zaman dövlətimiz və xalqımız tərəfindən əziz tutulur. Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi 1996-cı ildən Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Salman Mümtazın adını daşıyır”.
Elmi seminar müzakirələrlə davam etdirilib, məruzəçiyə suallar ünvanlanıb.