BDU-da “Azərbaycanda gender məsələləri” mövzusunda açıq müzakirə
“BDU könüllüləri” təşkilatının nəzdində fəaliyyət göstərən “Sustainable Development Goals” klubunun təşəbbüsü ilə “Azərbaycanda gender bərabərliyi” mövzusunda açıq müzakirə keçirilib.
Müzakirə zamanı müasir cəmiyyətdə “gender” termininin müxtəlif mənaları, onun təzahür formalarından danışılıb. Ölkəmizdə aparılan davamlı islahatların və vətəndaş cəmiyyətinin formalaşmasında əhalinin fəallığının artırılması yönündə görülən işlərin qadınların da cəmiyyətdəki rolunun artırılmasına istiqamətləndirildiyi deyilib. Azərbaycanda gender bərabərliyinin, qadın hüquqlarının ən yüksək səviyyədə təminatının Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin nəticəsi olduğu vurğulanıb. Müzakirədə həmçinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanununda öz əksini tapan müddəların və formalaşmış hüquqi normativ bazanın bu sahənin tənzimlənməsini həyata keçirdiyi, buna nəzarətin isə aidiyyəti dövlət qurumları tərəfindən təmin olunduğu bildirilib.
Sonra qeyd olunub ki, 2015-ci ildə BMT-də dünya liderləri tərəfindən qəbul edilmiş 17 Davamlı İnkişaf Məqsədindən beşincisi gender bərabərliyinə həsr olunub. Dünya ölkələri 2030-cu ilə qədər bütün hədəflərə çatmaq üçün hər istiqamətin həlli ilə əlaqədar prioritetlər müəyyənləşdirib.
Açıq müzakirə tələbələrin mövzu ilə bağlı müxtəlif mülahizələrinin səsləndirilməsi və diskussiya ilə davam edib.