BDU-da “Azərbaycan filologiyasında Heydər Əliyev mərhələsi” mövzusunda Respublika elmi konfransı
Bakı Dövlət Universitetində (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasında Heydər Əliyev mərhələsi” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransın plenar iclasında müxtəlif elm və ali təhsil müəssisələrindən tanınmış elm adamları, dilçi və ədəbiyyatşünas alimlər, gənc tədqiqatçılar iştirak ediblər.
Plenar iclası giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Ulu Öndər Heydər Əliyevin millət və dövlət quruculuğu sahəsində həyata keçirdiyi misilsiz addımlardan, banisi olduğu azərbaycançılıq ideologiyasından, Azərbaycan dili və ədəbiyyatının inkişafına verdiyi əvəzolunmaz töhfələrdən danışıb. Bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə görkəmli ədəbi şəxsiyyətlərin yubileyləri qeyd edilib, ədəbiyyat və mədəniyyət xadimləri yüksək qayğı ilə əhatə olunub, dövlət dilinin qorunması və təbliği istiqamətində tarixi əhəmiyyət daşıyan fərman və sərəncamlar imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu şərəfli missiyanı uğurla davam etdirir, xüsusilə Qarabağda ədəbi-mədəni mühitin yenidən dirçəldilməsi yönündə mühüm addımlar atır.
BDU-nun Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov “Azərbaycanda türkologiyanın inkişafı Heydər Əliyevin dövlətçilik fəaliyyətinin tərkib hissəsi kimi” adlı məruzə edib. Məruzədə Ümummilli Liderin hakimiyyəti illərində ölkəmizin türkoloji düşüncənin əsas mərkəzlərindən birinə çevrilməsindən, bu müddətdə aparılan mühüm türkoloji tədqiqatlardan, Prezident İlham Əliyevin türk dünyasının mənəvi-siyasi birliyinin möhkəmləndirilməsi yönündə atdığı tarixi addımların türkologiyanın inkişafına təsirindən bəhs olunub. Məruzəçi qeyd edib ki, böyük tarixi Zəfərdən sonra respublikamızın türk dünyasında nüfuzunun daha da güclənməsi və bu coğrafiyada əsas söz sahiblərindən birinə çevrilməsi, Prezident İlham Əliyevin mühüm beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ərazilərində yaşayan türk xalqlarının hüquqlarının və maddi-mədəni irsinin qorunması yönündəki çağırışları türkoloji araşdırmaların məzmunca yeniləşməsinə və aktual məsələlərin tədqiqinə geniş imkanlar yaradıb.
Plenar iclasda Mingəçevir Dövlət Universitetinin müəllimi Sona Məmmədovanın “Misralara sığmayan lider - Heydər Əliyev”, Bakı Qızlar Universitetinin tələbəsi Nurçin Bəşirlinin “Heydər Əliyev və Azərbaycan dili” və Azərbaycan Dillər Universitetinin tələbəsi Zəhra Hüseynovanın “Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı” adlı məruzələri dinlənilib.
Konfrans öz işini üç bölmədə davam etdirib. Bölmə iclaslarında 100-ə yaxın elmi məruzə dinlənilib.