BDU-da ADA Universitetinin kitabxana sistemina dair elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “ADA Universitetinin Kitabxanasında tətbiq olunan kataloqlaşdırma standartları” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Əzizə Cəbiyeva məruzə edib.
Tədqiqatçı əvvəlcə kataloqlaşdırmanın mahiyyəti, məzmunu, əhəmiyyəti barədə məlumatları iştirakçıların nəzərinə çatdırıb. Məruzədə ADA Universitetində tətbiq olunan MARC21 formatı və RDA standartları geniş şəkildə şərh edilib. MARC21 formatının kitabxana materiallarının elektron kataloqlaşdırılması üçün əsas standartlardan biri olduğunu bildirən məruzəçi onun məlumatların sistemli və strukturlaşdırılmış formada təqdim edilməsinə geniş imkanlar yaratdığını vurğulayıb. ADA Universitetinin Kitabxanasında tətbiq olunan RDA (Resource Description and Access) standartının resursların təsvirində müasir tələblərə cavab verdiyini, daha əhatəli və istifadəçi mərkəzli yanaşma təqdim etdiyini diqqətə çatdırıb: “RDA resursların daha geniş kontekstdə təsvirinə imkan yaradır, bu da istifadəçilərin ehtiyaclarına uyğun xidmətlərin daha səmərəli formada təqdim edilməsini təmin edir”.
Magistrant ADA Universitetinin Kitabxanasının bu sahədəki perspektivləri və layihələri barədə də məlumat verib. O, ADA Universitetində kataloqlaşdırma sistemlərini inkişaf etdirmək üçün yeni texnologiyaların və metodların tətbiqinin davamlı olaraq təkmilləşdirildiyini bildirib. Məruzədə bu sahədə dünya təcrübəsi də öyrənilib, müqayisəli təhlillər aparılıb.
Məruzə maraqla dinlənilib, elmi seminar müzakirələrlə davam etdirilib.