BDU aliminin yeni monoqrafiyası nəşr olunub
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Redaksiya-nəşriyyat işi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasovanın yeni monoqrafiyası nəşr olunub. “Azərbaycan kitab tarixi” adlı monoqrafiyanın elmi redaktorları dosentlər Ələmdar Cabbarlı və Knyaz Aslan, nəşriyyat redaktoru Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Mustafa Çəmənli, rəyçiləri professor Kamandar Şərifli, dosentlər Nadir İsmayılov və Nailə Mehrəliyevadır.
Bakı Dövlət Universitetinin Elmi Şurasının 29 dekabr 2023-cü il tarixli iclasının qərarı ilə nəşr edilən monoqrafiyada milli kitab tariximizin obyekti, predmeti, funksiyaları, milli kitab anlayışı şərh olunub, yazı və əlifbanın yaranması, formalaşması xronoloji inkişafda izlənilib. Kitabda “Avesta” və “Kitabi-Dədə Qorqud” kimi yazılı abidələrimizin dil, əlifba, məzmun, çap baxımından araşdırılması və digər tədqiqat xarakterli mövzular əksini tapıb. İlk hissəsi işıq üzü görən monoqrafiyanın növbəti cildlərinin də nəşri nəzərdə tutulur.