ABŞ-ın Puerto-Riko Dövlət Universitetinin professoru BDU-nun Biologiya fakültəsində elmi seminar keçirib
ABŞ-ın Puerto-Riko Dövlət Universitetinin Tibb fakültəsinin professoru, Amerika Kardioloqlar Cəmiyyətinin fəxri üzvü Səbzəli Cavadov Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin əməkdaşları, magistrant, tələbə və doktoranlarına “Ürəkdə ferroptotik hüceyrə ölümünün mexanizmləri: mitoxondrinin rolu” mövzusunda elmi seminar keçirib.
Professor Səbzəli Cavadov təqdimatında insan xəstəliklərində hüceyrə ölümünün əsas mexanizmləri, xüsusən də miokard infarktı və urəyin işemiya-reperfuziyon zədələnmələri haqqında geniş məlumat verib. Məruzəçi çıxışında dəmir növündən asılı olaraq yeni müəyyən edilmiş hüceyrə ölümünə səbəb olan ferroptozun molekulyar və hüceyrə mexanizmlərini izah edib. Eyni zamanda hüceyrədə enerji istehsalında mərkəzi rol oynayan mitoxondrinin ferroptozda rolu və prosesin mexanizmləri barədə danışıb.
Təqdimatın sonunda professor Səbzəli Cavadov rəhbərlik etdiyi işçi qrupun ABŞ-ın Pittsburq Universiteti, Miçiqan Dövlət Universiteti və Pensilvaniya Dövlət Universitetinin alimləri ilə birgə apardığı tədqiqatların nəticələrini auditoriyaya təqdim edib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb və seminar iştirakçılarının sualları cavablandırılıb.