Vətən Bədəlovu 65 illik yubileyi münasibəti ilə təbrik edirik

Vətən Həsənverdi oğlu Bədəlov 27 may 1958 - ci ildə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olmuşdur. O, 1965-1975-ci illərdə Lənkəran rayonu Kərgəlan kənd orta məktəbində təhsil almışdır. 1975-ci ildə Vətən müəllim Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş və 1980-cı ildə BDU-nu fizik, fizika müəllimi ixtisası üzrə bitirmişdir.
Vətən Bədəlov 1980-1999-cu illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləmişdir. O, 1995-ci ildə dissertasiya müdafiə edərək "Nəzəri və riyazi fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
Vətən Bədəlov 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin “Yüksək enerjilər fizikası” elmi tədqiqat laboratoriyasında və 2005-ci ildən isə BDU-nun Fizika Problemləri Institutunun “Nəzəri fizika” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. O, 2002-ci ildən BDU-nun “Nəzəri fizika” və “Bərk cisimlər fizikası” kafedralarında müxtəlif ixtisas fənlərini tədris edir. Vətən Bədəlov 2014-cü ildə "Nəzəri fizika" ixtisası üzrə dosent elmi adını almışdır. O, 2014-2019-cu illərdə BDU-nun Fizika Problemləri İnstitutunun Nəzəri fizika şöbəsinin elmlər doktoru proqramı üzrə doktarantı olmuşdur. 
Vətən Bədəlov 2017-ci ildən magistr dissertasiyası işlərinə rəhbərlik edir. Onun rəhbərliyi ilə bir dissertant elmlər namizədi elmi dərəcəsini almışdır. Elementar zərrəciklər fizikası və nüvə fizikası sahəsində elmi tədqiqatlar aparır. Vətən müəllim Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 70-dən çox elmi məqalənin müəllifidir və çoxlu sayda istinadlar almışdır.
BDU-nun Fizika Problemləri İnstitutunun kollektivi Əziz həmkarımızı, istedadlı alim Vətən Bədəlovu 65 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun mənalı həyat və yeni elmi nailiyyətlər arzulayır!