Təbrik edirik!

23 iyun hamımızın çox hörmət etdiyimiz əməkdaşımızın – “Biofizika” şöbəsinin müdiri Namiq Əhmədovun ad günüdür! Ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq!

Yubileyiniz mübarək olsun əziz Namiq müəllim!

Əhmədov Namiq Əbdüləvvəl oğlu. Bu şəxsin titulları haqqında geniş danışmaq olar: professor, fizika-riyaziyyat elmləri doktoru, baş elmi işçi, 350-dən çox elmi məqalənin, 15 dərs vəsaitinin, abituriyent və tələbələr üçün kitabların müəllifi və s. Amma bütün bunlar onun xeyirxahlıq, həssaslıq, nəciblik və insanlıq kimi insani keyfiyyətləri ilə müqayisədə çox az görünür.

Azərbaycan torpağı belə sayılıb-seçilən insanlarla zəngindir. Namiq Əhmədov 23 iyun 1949-cu ildə Azərbaycanın ən gözəl şəhərlərindən biri olan - Şəki şəhərində anadan olub. Orada 12 saylı orta məktəbi bitirib. Həmişə məsuliyyətli olan Namiq müəllim, sinif yoldaşları ilə bu günə qədər sıx əlaqə saxlayır.

Namiq Əhmədov əvvəlcə Bakıda Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində, daha sonra isə Moskvada Bioüzvi Kimya İnstitutunda aspiranturada təhsil almışdır. Aparılan elmi-tədqiqat işlərinin nəticəsində Namiq müəllim əvvəcə “Molekulyar fizika” ixtisası üzrə “Oliqopeptidlərin nəzəri konformasiya analizi” mövzusunda namizədlik, daha sonra isə “Peptid hormonlarının struktur və funksional təşkili” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, 2007-ci ildə isə professor elmi adını almışdır.

Əhmədov N.A. molekulyar fizika və biofizika sahəsində bütöv bir nəsil tələbə yetişdirmişdir. O, 20-dən çox bakalavr yetişdirmiş, 10-dan çox fizika-riyaziyyat elmləri namizədinə rəhbərlik etmiş, 1 doktorluq dissertasiya işinə elmi məsləhətçi olmuşdur. Namiq müəllimin şagirdləri daha sonra elmlər doktoru, professor, Elmlər Akademiyasının müxbir üzvü olublar. O, hal-hazırda Bakı Dövlət Universitetinin nəzdində “Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunda “Biofizika” şöbəsinə rəhbərlik edir. İnstitut əməkdaşlarının hər biri, hər zaman Namiq müəllim tərəfindən onları maraqlandıran suallarına cavab tapa, anlayış və dəstək hiss edə bilirlər.

N.A. Əhmədovun əmək kitabçasında əsasən bir iş yeri var - Bakı Dövlət Universiteti. O, burada mühəndis kimi əmək fəaliyyətinə başlayıb, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi kimi elmi fəaliyyətini davam etdirmişdir. Həmişə vicdanlı, operativ və zəhmətkeş olmaqla İnstitutun və Universitetin kollektivinin dərin hörmətini qazanmışdır.

Əhmədov Namik nümunəvi ailə başçısıdır. O, iki ləyaqətli, məsuliyyətli, nəcib qız böyütmüş, indi isə üç nəvə böyüdür. Onların hər birinin həyatında Namiq müəllim kimi örnək olacağı, fəxr edəcəyi bir şəxsiyyət var.

N.A.Əhmədovun daha bir insani keyfiyyətini qeyd etmək yerinə düşər: Onun dostluğa və dostlarına olan bağlılığı. Həm sevincdə, həm kədərdə həmişə dostlarının yanında olmağa çalışır.

75 yaş- qocalıq yaşı deyil. Bu, insanın müdriklik çağıdır. Qoy bütün arzu və istəkləriniz gerçəkləşsin Namiq müəllim! Qoy bütün həyatı boyu Sizi sağlamlıq, xoşbəxtlik və sevinc müşayiət etsin.

BDU-nun nəzdində “Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunun kollektivi Əziz həmkarımızı, istedadlı alim və sevimli dost Namiq Əbdüləvvəl oğlu Əhmədovu, Yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun mənalı həyat və yeni elmi nailiyyətlər arzulayır!