1990-cı ilin 20 Yanvar hadisələrindən 35 il keçir. Qəhrəmanlıq və hüzn dolu bu tarix istiqlal salnaməsini qələmlə yox, qanla yaza bilən bir xalqı tanıtdı. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.
Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi. Bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir. Məhz 20 Yanvar Azərbaycan xalqının pozulan hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahib olduğunu ortaya qoydu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Xalqımız Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarının xatirəsini qəlbində əbədi yaşadacaq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!