Şöbə haqqında

Nəzəri Fizika şöbəsi 1990-2005 illərdə BDU-nun nəzdində fəaliyyət göstərmiş Yüksək Enerjilər Fizikası ETL-in bazasında yaradılmışdır. 1990-cı ildə SSRİ Atom Energetika Komitəsinin razılığı əsasında  yaradılmış Yüksək Enerjilər Fizikası ETL-də iki istiqamətdə - elementar hissəciklərin güclü qarşılıqlı təsirinin kvant xromodinamikası çərçivəsində nəzəri tədqiqi və yüksək enerjili hissəciklərin qeyd olunması üçün yarımkeçirici təpə (vertex) detektorlarının yaradılması və tətbiqi istiqamətlərində tədqiqatlar aparılmışdır. ETL-də hazırlanmış detektorlar “Poleks” proqramı üzrə Rusiyanın Protvino şəhərindəki Yüksək Enerjilər Fizikası İnstitutunda sınaqdan keçirilmişdir. 1993-cü ildən başlayaraq laboratoriyada Drell-Yan prosesinin öyrənilməsi, mezonların elektromaqnit form-faktorlarının müxtəlif üsullarla hesablanması, adron toqquşmalarında yüksək tvist effektlərinin, Yanq-Mills nəzəriyyəsində hiccəciklərin xarici xromosahələrdə hərəkətinin öyrəilməsi, riyazi fizika tənliklərinin invariantlıq qruplarının hesablanması kimi istiqamətlər üzrə nəzəri tədqiqatlar aparılmağa başlanmışdır. 2005-ci ildə laboratoriya Fizika Problemləri ETİ-nin Nəzəri fizika şöbəsinin tərkibinə daxil edilmiş, 2008-2019-cu illərdə isə şöbə daxilində müstəqil qrup kimi fəaliyyət göstərmişdir. 2019-cu ildə Yüksək Enerjilər Fizikası qrupunun bazasında Nəzəri Fizika şöbəsi yaradılmışdır.

Şöbənin əməkdaşlarının apardıqları elmi-tədqiqatların nəticələri nüfuzlu beynəlxalq jurnallarda çap olunur. Bundan əlavə, alınan nəticələr ABŞ, Fransa, Almaniya, İtaliya, Türkiyə, İran, Pakistanda keçirilmiş çoxsaylı elmi tədbirlərdə məruzə edilmişdir. Şöbənin əməkdaşları müxtəlif səviyyəli qrant layihələrində iştirak edir və dünyanın müxtəlif elmi mərkəz, institut və universitetləri ilə birgə elmi-tədqiqatlar aparırlar.  

Mövzu:

Adronların parametrlərinin və onların iştirakı ilə proseslərin tədqiqi

Məqsəd:

Mezon və barionların  daxili quruluşunun öyrənilməsi, onların kütlə,  təsir sabitləri  və parçalanma kanallarının eksperimentlə müqayisəli şəkildə analizi, tətbiq olunan müxtəlif riyazi metodların inkişaf etdirilməsi yüksək enerjilər fizikasının mühüm problemlərindəndir. İki və üç kvarkdan ibarət adi adronlardan başqa  çoxkvarklı sistemlərin -tetrakvark, pentakvark və heksakvarkların daxili quruluşunun öyrənilməsi də  mühüm elmi istiqamətlərdəndir. Məlumdur ki, adronların standart modelinə uyğun olaraq mesonlar kvark-antikvark cütündən, barionlar isə üç kvarkın birləşməsindən ibarətdir. Lakin kvant xromodinamikası çoxkvarklı adronların mövcudluğuna da hər hansı bir məhdudiyyət qoymur. 2003-cü ildə eqzotik X(3872) rezonansının kəşfindən sonra bu istiqamətdə tətqiqatlar xeyli dərəcədə intensivləşmiş, yeni hissəciklər müşahidə olunmuş, nəzəri metodlar işlənmişdir. KXD-nin həyəcanlaşma nəzəriyyəsilə yanaşı digər üsullar adron proseslərinin hesablanmasında geniş istifadə edilir. Onlar arasında KXD-nin işıq konusunda cəmləmə qaydalarını, qrup-nəzəri metodları, riyazi optimallaşdırma metodları və kvant-sahə nəzəriyyəsinin inteqral tənliklərinə əsaslanan qeyri-perturbativ üsullarını qeyd etmək olar. Adron fizikasında müxtəlif tip yaxına təsir potensiallarda fiziki sistemin dinamikası - əlaqəli, resonans və səpilmə halları haqqında informasiya almağa imkan verən kvant mexaniki, nüvə və elementar hissəciklərin səpilməsi problemləri də araşdırılmaqdadır.