Şöbə haqqında

1967-ci ildə SSRİ Nazirlər Sovetinin Elm və Texnika Kolleqiyasının 579 nömrəli əmri ilə BDU-nun nəzdində Yarımkeçiricilər fizikası elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Laboratoriyada seqnetoelektriklər və yarımkeçirici seqnetoelektriklər, enli zolaqlı kristallar, holoqrafiya üçün mühitlər, fotorefraktiv maddələr, maye kristallar kimi istiqamətlərdə tədqiqatlar aparılmışdır. Laboratoriyanın 3 əməkdaşı (A.H.Zeynallı, Ş.M.Əfəndiyev, Ə.M.Məmmədov) 1986-cı ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşlər.

2005-ci ildə FPİ-nun tərkibində həmin laboratoriyanın bazasında Yarımkeçiricilər fizikası şöbəsi yaradılmış və 2019-cu ildən etibarən Kondensə olunmuş hal fizikası şöbəsi adlandırılmışdır.

2019-cu ildə şöbənin 1 əməkdaşı "Tərəqqi" medalı və 4 əməkdaşı "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşlar.

Əməkdaşlar tərəfindən yerli və xarici elmi mətbuatda 1300-dən çox elmi əsər dərc edilmiş, 350-dən artıq beynəlxalq və respublika səviyyəli elmi konfranslarda məruzələr edilmiş, 11 müəlliflik şəhadətnaməsi alınmışdır.

Hal-hazırda şöbədə “Mikro- və nanoelektronika üçün material və strukturların alınma texnologiyasının işlənməsi, optik və elektrik xassələrinin tədqiqi” mövzusu üzrə elmi-tədqiqat işləri aparılır.

Mövzu:

  • Günəş enerjisinin çeviriciləri üçün perspektiv materiallar və strukturların alınması və tədqiqi

Məqsəd:

  • Bərpa edilən enerji mənbəyi kimi günəş elementlərində mümkün tətbiqləri ola bilən materialların axtarışı və tədqiqi.