Şöbə haqqında

Biofizika şöbəsi 2019-cu ildə İnstitutun Nəzəri fizika şöbəsində fəaliyyət göstərmiş “Molekulyar biofizika” qrupunun və “Bioloji sistemlər fizikası” şöbəsinin bazasında yaradılmışdır. Molekulyar biofizika ETL 1980-ci ildə SSRİ Elm və Texnika komitəsinin sərəncamı ilə yaradılmış və 2005-ci ildə Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin strukturuna daxil edilmişdir. 

Şöbənin əməkdaşları tərəfindən dünyada ilk dəfə olaraq 58 amin turşu qalığından ibarət tripsin inhibitoru zülalının fəza quruluşu nəzəri konformasiya analizi üsulu ilə hesablanmış, onun ferment- substrat, ferment- inhibitor qarşılıqlı təsirləri öyrənilmişdir. Əməkdaşlar tərəfindən enkefalin, endorfin, neoendorfin, dinorfin, adrenorfin, melanotropin, qlükaqon, cekretin, yuxu peptidləri, kardiofəal peptid, peptid T, dermorfin, deltorfin, immunoqlobulin, oktarfin, ekzorfin və sair molekulların fəza quruluşları, quruluş-funksiya əlaqələri tədqiq olunmuşdur.

Əməkdaşlar tərəfindən biomolekulların və molekulyar komplekslərin fəza quruluşlarını tədqiq etmək etmək üçün universal proqram yaradılmışdır. Proqram Rusiya Fedarasiyası Elmlər Akademiyasının qabaqcıl elm mərkəzlərindən olan Bioüzvü Kimya, Molekulyar Biologiya institutlarında, Leninqrad Mexanika İnstitutunda, Ukrayna Elmlər Akademiyasının Üzvi Kimya İnstitutunda, Özbəkistan Elmlər Akademiyasının Bioüzvü Kimya İnstitutunda istifadə edilmişdir.

Şöbədə bioloji sistemlərdə və maye kristallarda qarşılıqlı təsir və struktur problemlərinə həsr olunmuş elmi-tədqiqat işləri aparılır. Müxtəlif xarici amillərin (suda həll olan polimerlər, kiçik molekullu birləşmələr, maye kristallar, temperatur, ozon və müxtəlif xarici sahələr) təsiri ilə bioloji sistemlərdə qarşılıqlı təsir və quruluş dəyişiklikləri tədqiq olunur. Polimer-su ikifazalı sistemləri bioloji sistemlərdə gedən proseslərin modeli kimi götürülə bilir və həmin sistemlərin hal diaqramlarının termodinamik analizi ilə yüksəkmolekullu birləşmələrin konformasiyasını təyin edən polimer-həlledici qarşılıqlı təsir parametrini hesablamaq olur.

Şöbənin əməkdaşları tərəfindən alınmış elmi nəticələr J.Chim.Phys. (Fransa), Int.J.Peptide Protein Res. (USA), Eastem Medial Journal, Asian Journal of Chemistry, J.Molecular Structure (Ingiltərə), Current Topics in Peptide and Protein Research (Hindistan), IOSR Journal of Applied Physics (Yaponiya), International Journal of Innovative science and Research Texnology, J.Regulatory Peptide, Biopolymers, CrystEngComm və digər nüfuzlu jurnallarda dərc olunmuş və bir çox elmi tədbirlərdə məruzə edilmişdir.

Mövzu:

  • Bioloji fəal molekulların quruluş-funksiya əlaqələrinin tədqiqi
  • Maye kristallara və bioloji sistemlərə müxtəlif maddələrin kiçik bərk hissəciklərinin təsiri.

Məqsəd:

  • Biomolekulların fəza quruluşlarına əsasən onların müəyyən funksiyalarını yerinə yetirən yeni dərman maddələrinin sintezi
  • Maye kristallara müxtəlif maddələrin submikron- və nanoölçülü zərrəciklərinin təsiri ilə onlarda baş verən proseslərin təhlili və onların əsasında müxtəlif funksional xüsusiyyətli kompozitlərin işlənib hazırlanması.