Novruz bayramınız mübarək

Novruz  qədim tarixə malik olan bayramlarımızdandır. Novruz nə bir məzhəb, nə də bir dinin bayramıdır. Bu bayram baharın gəlməsi münasibətilə qeyd edilir. Novruz astronomik hadisə ilə bağlı gündür. Həmin gün Şimal yarımkürəsində astronomik yaz girir, gecə-gündüz bərabərləşməsi baş verir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirirlər. Azərbaycanda gecə ilə gündüzün bərabərləşdiyi gün bayram kimi qeyd edilir.

Azərbaycan xalqı milli dəyərlərə və  ənənələrə sadiqdir. Azərbaycan dövlətini bu dəyərlər üzərində quran Ümummilli Lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirib: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir".

Bu dəyərlər Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunda uğurla davam etdirilir.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Hazırda Novruz tonqalları bütövləşən, qalib Azərbaycanımızın hər bir qarışında qalanır. Bu, xalqımız üçün böyük qürur və xoşbəxtlikdir. Xalqımıza qələbə də, bayram da çox yaraşır!