Milli varlığımızın rəmzi – Azərbaycan bayrağı!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Milli varlığımızın rəmzi olan bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. Üçrəngli bayrağımızın ikinci dəfə müstəqilliyimizin atributu kimi yüksəlməsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli, ay-ulduzlu bayrağımız Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Bu, olduqca cəsarətli və uzaqgörən bir addım, eyni zamanda müstəqilliyimizə gedən yolda ciddi dönüş nöqtəsi idi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.

Dörd il öncə müzəffər Azərbaycan Ordusu otuz ilə yaxın düşmən işğalında qalan əzəli torpaqlarımızı xilas etdi. O günlərdə bütün Azərbaycan xalqını ən çox qürurlandıran anlardan biri də döyüşçülərimizin Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq, azad etdikləri hər bir şəhərdə dövlət bayrağımızı ucaltmalarını və bu barədə Ali Baş Komandan İlham Əliyevə məlumat vermələrini əks etdirən videogörüntülər idi. Ermənistan öz layiqli cavabını döyüş meydanında aldı. Düşmənin silahlı qüvvələri qəhrəman Azərbaycan ordusu tərəfindən darmadağın edildi. Ötən il aprelin 23-də isə Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa edildi. Ötən ilin sentyabrın 19-da cəmi 24 saat belə davam etməyən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, suverenliyimiz tam təmin olundu. Oktyabrın 15-də isə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə, Xocalıda, Əsgəranda üçrəngli bayrağımızı ucaltmaqla “Qarabağ Azərbaycandır!” hökmünü bir daha təsdiqlədi.

Hərb meydanında əldə etdiyimiz bu tarixi qələbələrin əldə edilməsi zamanı Azərbaycan xalqı öz Prezidentinin, Ordusunun yanında bir yumruq kimi birləşərək Vətən üçün can verməyə hazır, qan tökməyə qadir olduğunu bir daha göstərdi.

Dostlarımızı sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin əzəmətini və gücünü bütün dünyaya təsdiqləyir. Bütövləşən Vətənimizdə qürurla dalğalanır – bu torpaqların əbədi sahibinin kim olduğunu bir daha bəyan edir!

Dövlətimizin, xalqımızın gücünə güc qatan bayrağımız daim zirvələrdə dalğalansın!