"İlin alimi" müsabiqəsi

27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə 
 
27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin məqsədi BDU-nun il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş əməkdaşlarının mükafatlandırılmasıdır.
 
Müsabiqə iki nominasiya – Təbiət və texnika elmləri və Humanitar və ictimai elmlər üzrə keçirilir. Müsabiqənin qalibləri “İlin alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:
Müsabiqədə iştirak etmək üçün tələblər:
İddiaçının il ərzində dərc olunmuş elmi məqalələrinin ümumi sayı 5-dən az olmamalı, o cümlədən:
  • Təbiət və texnika elmləri üzrə ən azı 2 məqalə “Web of Science” və/və ya “Scopus” bazalarına daxil olan jurnallarda dərc olunmalıdır;
  • Humanitar və ictimai elmlər üzrə ən azı 1 məqalə “Web of Science” və ya “Scopus”, ən azı 1 məqalə isə ERIH PLUS, “Philosopher's Index”, “Copernicus”, “Ulakbim”, PsycINFO, “EconLit” və digər nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərindən (bazalarından) birinə daxil olan jurnallarda dərc olunmalıdır.
Müsabiqəyə təqdim olunan iddia sənədləri:
  • İl ərzində dərc olunmuş məqalələrin əsli və/və ya surəti;
  • İl ərzində dərc olunmuş monoqrafiya və kitablar, atlaslar, icmallar;
  • İl ərzində alınmış ixtiralar, patentlər;
  • Elmi işlərə olunan istinadların sayı (müəllif(lər)in özünə istinadları istisna olmaqla) (H-indeksi, “Scopus”, “Web of Science”, “Google Scholar” üzrə statistika);
  • Multidisiplinar və tətbiqi xarakterli elmi işlər;
  • Respublika və beynəlxalq səviyyəli elmi konfrans, simpozium və digər tədbirlərdə (o cümlədən, onlayn olmaqla) iştirak;
  • Ölkədaxili və xarici qrantlar üzrə işlər;
  • Elmin kütləviləşdirilməsi üzrə fəaliyyət, yığıncaqlarda, ictimaiyyətlə görüşlərdə (o cümlədən, onlayn olmaqla) elmi-kütləvi çıxışlar, radio və televiziya kanallarında, o cümlədən internet televiziya kanallarında çıxışlar, kütləvi informasiya vasitlərinə müsahibələr, elmi-publisistik məqalələr;
  • Şəxsi professional internet, Research-Gate, Mendeley, Academia, Google Scholar, Linkedin və digər səhifələrinin mövcudluğu;
  • Dövlət Proqramlarının yerinə yetirilməsində iştirak;
  • Dövlət təltifləri və ya mükafatları;
  • Kadr hazırlığı;
  • Respublika və xarici (“Web of Science”, “Scopus”, ERIH PLUS, “Philosopher's Index”, “Copernicus”, “Ulakbim”, PsycINFO, “EconLit” və digər nüfuzlu beynəlxalq bazalara daxil olan) elmi jurnallarda təmsilçilik (redaktor, redaktor müavini, məsul katib, redaksiya heyətinin üzvü);
  • Kitab (nüfuzlu nəşriyyatlarda nəşr edilmiş) redaktoru və ya rəyçisi;
  • Respublika və xaric ölkələrin nüfuzlu nəşriyyatlarında dərc olunmuş nəşrlərdə, həmçinin ölkədaxili və beynəlxalq layihələrdə resenzent fəaliyyəti (məqalələr, qrant layihələri və s.);
  • Müdafiələrdə opponentlik fəaliyyəti;
  • Elmi-təşkilati işlərlə bağlı (dissertasiya şurası, dissertasiya şurasının elmi seminarı və s. kimi digər) fəaliyyət;
  • Respublika, regional və beynəlxalq elmi təşkilatlarda, cəmiyyətlərdə və ittifaqlarda üzvlük və ya rəhbərlik).
Müsabiqəyə sənədlərin təqdim olunması:
  1. İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları elektron formada təqdim etməlidirlər.
  2. Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.
  3. Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir elmi əsər (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bunu həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.
  4. Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həm-müəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.
  5. Müsabiqədə mükafatlandırılan işlər cari ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.
Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində düzgün olmayan sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına əsas yaradır.