Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir.

28.11.2019-cu il tarixində Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir.

Seminarda Nəzəri fizika şöbəsinin aparıcı elmi işçisi, dosent Ağayeva Gülşən Ələkbər qızı “Bioloji fəal molekulların konformasiya dəyişikliklərinin molekulyar modelləşdirmə üsulları ilə tədqiqi” mövzusunda çıxış etmişdir. 
Məruzədə taxikininlər sinfinə aid olan bir sıra fizioloji xassələrinə görə farmakoloji əhəmiyyətə  malik olan neyropeptidlərin –maddə P, A və B neyrokininləri, fisalaemin, filomedusin, eledoisin, uperolein və onlara quruluşca oxşar olan beta-amiloid A-beta(25-35) peptid molekullarının quruluş və funksiyaları xarakterizə edilmişdir. Taxikininlərin molekulyar mexanika üsulu ilə müəyyən edilən nəticələr və molekulyar dinamika üsulu ilə vakuumda və su mühitində simulyasının nəticələri xarakterizə edilmişdir. Konkret nümünə kimi on aminturşusundan ibarət taxikinin neyropeptidi sialokinin I molekulunun konformasiya analizinin nəticələri göstərilmişdir. Bu nəticələr sialokinin molekulunun enerji cəhətdən əlverişli alfa-spiral konformasiya vəziyyətinə meylini açıqaşkar sübut edir. Enerji cəhətdən əlverişli konformasiyaların su molekulları ilə dolu olan hipotetik qutuda sonrakı qısamüddətli MD üsulu ilə simulyasiya ilkin quruluşu ciddi dərəcədə pozmadı və hidrogen rabitələrini dəyişmədi. Eyni zamanda taxikinin molekullarının ən ehtimal olunan fəza quruluşlarının ikiüzlü bucaqların hesablanmış qiymətləri əsasında molekulyar modellərinin proyeksiyaları göstərilmişdir. Taxikinin molekullarının stabil konformasiyalarının müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, onların müxtəlif mühitlərdə çox oxşar konformasiya dinamikası müşahidə olunur. Məruzədə həmçinin angiotenzin çevirici fermentinin tripeptid inhibitorlarının fəza  və elektron quruluşunun molekulyar mexanika və kvant-kimyəvi hesablama üsulları ilə tədqiqinin nəticələri təhlil və müzakirə edilmişdir.Tədqiqat zamanı müəyyən edilmişdir ki, bir və yaxud iki prolin qalığını tərkibində daşıyan tripeptid molekulları identik stabil konformasiya vəziyyətlərinə malikdirlər. Bu tripeptid inhibitorların kvant-kimyəvi hesablama üsulu ilə elektron xarakteristikaları və dipol momentləri müəyyən və müqayisə edilmişdir.