Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir

10.10.2019-cu il tarixində Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir.
Seminarda Bioloji sistemlər şöbəsinin böyük elmi işçisi, f.r.e.n., dosent Paşayev Bəxtiyar Gülmalı oğlu “Müxtəlif molekulyar kütləli polietilenqlikolların suda məhlullarının strukturuna bir sıra əsasların təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Su-PEQ-LiOH, NaOH, KOH sistemlərində 293,15-323,15 K temperatur və PEQ-in 0-0.001 molyar hissə konsentrasiyası intervalında struktur xüsusiyyətləri tədqiq olunmuşdur. PEQ-in molekulyar kütləsi 1000, 1500, 3000, 4000 və 6000 olan fraksiyalarına baxılmışdır. Təcrübi nəticələrdən istifadə edərək tədqiq olunan sistemlərin baxılan temperatur və konsentrasiya intervalında özlü axınının aktivləşmə parametrləri və məhlulda PEQ-in parsial molyar həcmləri hesablanmış və bu parametrlərin PEQ-in konsentrasiyasından asılılıqları təhlil edilmişdir. Müəyyən olunmuşdur ki, PEQ həm suya, həm də su-LiOH, NaOH, KOH sistemlərinə strukturlaşdırıcı təsir göstərir, lakin LiOH, NaOH, KOH-ın iştirakı uyğun ardıcıllıqla PEQ-in strukturlaşdırıcı təsirini müəyyən qədər zəiflədir. Bu isə LiOH, NaOH, KOH-ın uyğun ardıcıllıqla suyun strukturuna göstərdiyi dağıdıcı təsirlə əlaqədardır.