Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir

07.11.2019-cu il tarixində Fizika Problemləri İnstitutunun növbəti seminarı keçirilmişdir.

Seminarda “Bioloji sistemlər fizikası” şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Həsənova Xavər Tağı qızı “İkifazalı sistemlərin tətbiq perspektivləri”  mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə polietilenqlikol-limon turşusunun Na duzu -su ikifazalı sisteminə bəzi əlavələrin (duzların, spirtlərin) və temperaturun təsirindən danışılmışdır. Baxılan ikifazalı sistemin ayırdetmə qabiliyyəti təyin olunmuş və ona əlavələrin təsiri öyrənilmişdir. Temperaturun və əlavələrin təsiri ilə binodalların bəziləri homogen oblast, digərləri isə heterogen oblast istiqamətində sürüşməsi göstərilmişdir.
Əgər binodal koordinat başlanğıcından uzaqlaşırsa, yəni homogen oblast böyüyürsə, deməli əlavə olunan maddə komponentlərin suya hərisliklərinin fərqini azaldır. Bu halda sistemdə suyun strukturu dağılır, fazalara ayrılma çətinləşir və faza, komponentlərin konsentrasiyalarının daha böyük qiymətlərində baş verir.