30.01.2020-ci il tarixində Fizika Problemləri İnstitutunun növbəti Elmi seminarı keçirilmişdir. Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin aparıcı elmi işçisi, f.e.d., prof. Cəfərov Maarif Əli oğlu “A2B6 birləşmələrinin nanoquruluşlu materiallarının kimyəvi üsulla alınması və onların elektron xassələri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi nazik təbəqələrin məhluldan kimyəvi üsulla alınma texnologiyasına dair ədəbiyyat icmalının analizini vermiş, bu metodikanın müxtəlif variantlarının son dövrlərdə geniş tətbiq olunduğunu qeyd etmişdir. Bu üsulla alınan A2B6 birləşmələrinin nanoquruluşlu materiallarında baş verən elektron proseslərin ümumi qanunauyğunluqları qeyd edilmiş və spesifik xüsusiyyətləri təhlil olunmuşdur. Onların əsasında vahid texnologiya ilə alınmış müxtəlif strukturların, o cümlədən metal-yarımkeçirici, metal-dielektrik-yarımkeçirici, p-n və heterokeçidlərdə cərəyankeçmə mexanizmləri şərh olunmuşdur. Qeyd olunan texnologiya ilə müxtəlif stabilləşdiricilərin və səthi aktiv maddələrin köməyi ilə nanohissəciklərin alınma imkanlarına və onların energetikada, elektronikada və tibbin müxtəlif sahələrində tətbiqi perspektivlərindən danışılmışdır. |