Fizika Problemləri İnstitutunun kollektivinin Xocalı faciəsinə həsr olunmuş onlayn yığıncağı keçirimişdir.

Xocalı soyqırımı erməni işğalçılarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsindən biridir.

İnstitutun direktor müavini Namiq Dərvişov əvvəlcə çıxış edərək Xocalı şəhərində  baş vermiş soyqırım haqqında danışmışdır. Qeyd edilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişdir. Soyqırımı nəticəsində 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın öldürülmüş, 8 ailə bütünlüklə məhv edilmiş, 487 nəfər yaralanmışdır. 1275 nəfər dinc sakin girov götürülmüşdür ki, onların 150-sinin taleyi hələ də məlum deyil.

Daha sonra İnstitutun direktoru Sədiyar Rəhimov çıxış edərək Xocalı soyqırımına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymətin verildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq aləmdə bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildiyi və Xocalı həqiqətlərinin dünyada soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların atıldığını qeyd etmişdir.

Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun kollektivi Xocalı soyqırım qurbanlarının xatirəsini bir dəqiqə sükutla yad etdilər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!