Fizika Problemləri İnstitutunun kollektivinin 20 yanvar hadisələrinə həsr olunmuş “H.Əliyev və 20 yanvar hadisələrinə verilən siyasi qiymət” mövzusunda anım tədbiri keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar BDU-nun Fizika Problemləri ETİ-də silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlər çərçivəsində 19.01.2023-cü il tarixində Fizika Problemləri İnstitutunun kollektivinin 20 yanvar hadisələrinə həsr olunmuş “H.Əliyev və 20 yanvar hadisələrinə verilən siyasi qiymət”  mövzusunda anım tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Əvvəlcə Fizika Problemləri İnstitutunun direktoru S.Rəhimov çıxış etmiş və sonra sözü “Biofizika” şöbəsinin aparıcı elmı işçisi Q. Bayramova vermişdir. O çıxışında qeyd etdi ki: Qəddarcasına həyata keçirilmiş bu faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider H.Əliyev vəziyyətin nə qədər gərgin və təhlükəli olmasına baxmayaraq, ailə üzvləri ilə birlikdə Az-nın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və əməliyyata rəhbərlik edənləri ifşa edib.

       O, qeyd edirdi ki: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm ...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

Daha sonra Fizika Problemləri İnstitutunun həmkarlar təşkilatının sədri Mübariz Məmmədov 20 yanvar faciəsi barədə tədbir iştirakçılarına geniş məlumat verib. Çıxış edənlər qeyd etdilər ki, 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Azərbaycan Respublikasının ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

Daha sonra Namiq Dərvişov, Vidadi Bağiyev, Məhəmməd Həsənov 20 yanvar hadisələri haqqında danışdılar.

Allah bütün şəhidlərimizə rəhmət etsin!