FİZİKA PROBLEMLƏRİ ETİ-NİN NÖVBƏTİ SEMİNARI KEÇİRİLMİŞDİR

18 aprel 2024-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun “Nüvə və Yüksək Enerjilər Fizikası” laboratoriyasının elmi işçisi Minayə Allahverdiyeva “AdS/KXD-nin yumşaq divar modelində deytronun qravitasiya form faktorlarının, ümumiləşdirilmiş parton paylanmalarının, parton paylanma funksiyalarının və yük sıxlığının tədqiqi” mövzusunda məruzə ilə çıxış etmişdir.

Deytronun qravitasiya form faktorları və ümumiləşmiş parton paylanmaları AdS/KXD-nin yumşaq divar modeli vasitəsi ilə tədqiq edilmiş və qravitasiya radiusu hesablanmışdır.  Ümumiləşmiş parton paylanmaları təsir parametr fəzasında araşdırılmış və parton paylanma funksiyalarının impuls nisbətindən və təsir parametrindən asılılıqlarının üç ölçülü qrafikləri göstərilmişdir. Deytronun yük sıxlığı impuls fəzasında öyrənilmiş və alınan nəticələr digər işlərlə müqayisə edilmişdir.

Seminarın sonunda iştirakçıların mövzu ilə bağlı sualları ətrafında müzakirələr aparılmış və verilən suallar cavablandırmışdır.