Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

04 aprel 2024-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun “Kristalloqrafiya” laboratoriyasının rəhbəri, f.e.d., professor, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, İmaməddin Rəcəbəli oğlu Əmiraslanov “Kristallar, kvazikristallar və tətbiqi xalq sənəti” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi son onilliklərdə kristalloqrafiya elmi sahəsində olan fundamental elmi kəşfləri ümumiləşdirərək bərk maddənin həm kristal, həm də amorf halından fərqli yeni kvazikristal halının kəşfi barədə ətraflı məlumat vermişdir. Eyni zamanda aperiodik torların riyaziyyatı sahəsindəki 100-illik riyazi problemin son aylarda həllini tapması istiqamətində olan kəşfləri xronoloji ardıcıllıqla şərh edərək Penrose torları, Monotile (Einstein) barədə ətraflı məlumat vermiş, sonuncuların kristalloqrafiya problemlərinin həllində əhəmiyyəti göstərmişdir. Xalq sənətində, xususən şərqin orta əsrlərə aid həndəsi dekorativ naxışların krisaloqrafik aspektləri ilə paralellər aparılmış, “tessellation” stilindəki yeni rəsmlər nümayiş olunmuşdur.

Seminarın sonunda iştirakçıların mövzu ilə bağlı sualları ətrafında maraqlı müzakirələr aparılmış və verilən suallar cavablandırmışdır.