Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

30.03.2023-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir. Seminarda “Biofizika” şöbəsinin aparıcı elmi işçisi, f.e.d., fizika üzrə elmlər doktoru Ağayeva Gülşən Ələkbər qızı “Xərçəng əleyhinə pentapeptid molekulların fəza quruluşunun və konformasiya xüsusiyyətlərinin molekulyar modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış etmişdir.

Düyü kəpəyi zülalından əldə edilən xərçəng əleyhinə EQRPR pentapeptid molekulunun və onun D-izomerlərlə əvəz edilmiş analoqlarının fəza quruluşunun nəzəri modelləşdirmə üsulları ilə tədqiqi nəticəsində onların konformasiya xüsusiyyətləri müəyyən edilmişdir. Bu pentapeptid molekulların stabil fəza quruluşlarının atom koordinatlarının əsasında onların reseptorlarla bağlanma qabiliyyətləri molekulyar doking üsulu ilə öyrənilmişdir. Prostat xərşəngi əleyhinə Sepia ink oliqopeptidin, AAP-H və ILYMP pentapeptid molekullarının hesablanmadan alınan enerji və həndəsi parametrlər əsasında təsir mexanizləri  tədqiq edilmişdir.

Daha sonra Gülşən Ağayeva verilən sualları cavablandırmış, alınan nəticələrin xüsusiyyətlərini izah etmişdir.