Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

29 fevral 2024-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda “Nəzəri fizika” şöbəsinin k.e.i., f.ü.f.d. Əkbərova Nərmin Cəfər qızı "Deytronun elektromaqnit və qravitasiya form-faktorlarının AdS/KXD-nin modellərində tədqiqi" mövzusunda məruzə məruzə etmişdir.

Məruzədə AdS/KXD-nin yumşaq divar modeli çərçivəsində deytronun elektromaqnit form-faktorları sonlu temperaturda tədqiqi haqqında danışılmışdır. Tvist τ = 6 vektor sahəsi üçün hərəkət tənliyi alınmış, analitik olaraq həll edilmiş və sərhəddə deytronu təsvir edən profil funksiyası tapılmışdır. Deytron və foton sahələrinin qarşılıqlı təsirləri üçün Laqranjiandan deytronun yük monopol, kvadrupol və maqnit dipol form-faktorlarının analitik ifadələri alınmış, ötürülən impulsun kvadratından və temperaturdan asılılıqları qurulmuşdur. Həmçinin deytrona proton və neytrondan ibarət iki nuklonlu vektor sahə kimi baxmaqla həm sıfır, həm də sonlu temperaturlarda deytronun elektromaqnit form-faktorlarının ötürülən impulsun kvadratından və temperaturdan asılılıqları qurulmuşdur. Həmçinin AdS/QCD-nin sərt divar modeli çərçivəsində və sonlu temperaturda yumşaq divar modeli çərçivəsində deytronun yük və maqnit radiusları alınmış və göstərilmişdir ki, nəticələr yumşaq divar modelinin verdiyi və təcrübi nəticələrə uyğundur.

AdS/QCD-nin sərt divar modeli daxilində deytronun qravitasiya form-faktorları hesablanmışdır. AdS fəzasının daxilində qarşılıqlı təsir laqranjianı yazılmış, deytronun qravitasiya form-faktorlarının ötürülən impulsdan asılılıqları təqdim edilmiş və yumşaq divar modelindəki nəticələrlə uyğunluğu göstərilmişdir.

Daha sonra Nərmin Əkbərova verilən sualları cavablandırmışdır.