Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

28.09.2023-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Bu seminar dünyada yarımkeçiricilər fizikasının (mikroelektronika) banilərindən biri, Azərbaycanda müasir yüksək texnologiyalar elminin, təhsilinin və sənayesinin banisi akademik Həsən Abdullayevin anadan olmasının 105 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilmişdir. Seminarda Fizika Problemləri ETİ-nin “Biofizika” şöbəsinin böyük elmi işçisi Xavər Həsənova “Bəzi elektroneytral polimerlərin əmələ gətirdiyi ikifazalı sistemlərin binodal əyrisinə bir sıra duzların təsiri” mövzusunda məruzə etmişdir.

İkifazalı sistemlərdə gedən proseslərin araşdırılması çoxfazalı komponentli sistem olan biosistemlərdə gedən prosesləri izləmək üçün model kimi istifadə edilmişdir. Hüceyrəni təşkil edən biopolimerlərlə bir sıra üzvi və qeyri-üzvi duzların qarşılıqlı təsiri tədqiq edilmiş, maddələr mübadiləsində hüceyrədən ətraf mühitə və əksinə ətraf mühitdən hüceyrəyə maddə nəqlinin və metobolizmin bəzi aspektləri öyrənilmişdir.

KSCN, KI, KBr, KCI, KClO4., KF, K2SO və NH4CI, LiCI, NaCl, KCI, CsCl duzlarının dekstran-polivinilpirrolidon və dekstran-polietilenqlikol ikifazalı sistemlərinin binodal əyrilərinə təsiri tədqiq edilmişdir. K duzlarının 0.1  və 0.5 mol/kq konsentrasiyalarının baxılan sistemlərin faza diaqramlarına təsiri göstərilmişdir. Sulu polimer ikifazalı sistemdə faza əmələgəlmə prosesi əsasən duzun sistemdəki suyun quruluşuna və vəziyyətinə təsir etdiyi göstərilmişdir.F

Daha sonra Xavər Həsənova verilən sualları cavablandırmış, alınan nəticələrin xüsusiyyətlərini izah etmişdir.