Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

26 sentyabr 2024-cü il tarixində  Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda “Biofizika” şöbəsinin müdiri Əhmədov Namiq Abduləvvəl oğlu “Kazoksin molekullarının fəza quruluşları” mövzusunda məruzə etmişdir. Məruzəçi tərəfindən qeyd edilmişdir ki, Kazoksinlər süd zülalının κ-kazeindən ayrılan qida maddələri ekzorfinlərindəndir. Cazoxin A, B, C və D molekulları  κ-kazein süd zülalının uyğun olaraq 35-41, 57-60, 25-34 və 158-164 protein fraqmentləridir. Kazoksinlər opioid reseptorları üçün opioid antaqonistləri funksiyalarını yerinə yetirir. Kazoksinlərin in vitro şəraitində qvineya donuzlarında və siçanlarda morfinin yaratdığı daralmalarda tormozlayıcı təsiri geri çevirdiyi göstərilmişdir. Bu ekzorfinlərin yeni doğulmuş uşaqlarda potensial immunomodulyator rolu var ki, bu da allergik xəstəliklərdə klinik əhəmiyyət kəsb edə bilər. Bu ekzorfinlərin qida və farmakologiya sənayesində geniş əhatə dairəsi ola biləcəyi təklif edilmişdir.

Opioidlər sinfinə daxil olan  kazoksin  A, B, C, D və G molekullarının fəza quruluşları nəzəri konformasiya analizi üsulu ilə tədqiq edilmişdir. Kazoksin molekullarının fəza quruluşunu öyrənmək üçün sistemin potensial enerjisi qeyri-valent, elektrostatik, torsion qarşılıqlı təsir enerjilərinin və hidrogen rabitəsi enerjisinin cəmi şəklində seçilmişdir. Kazoksin molekullarının stabil konformasiyaları yığımı, onların ikiüzlü fırlanma bucaqlarının qiymətləri, onları stabilləşdirən aminturşu qalıqları arası və daxili qarşılıqlı təsir enerjiləri müəyyən edilmişdir.

Kazoksin molekulunun fəza quruluşunun öyrənilməsi göstərir ki, molekullar elə fəza quruluşları yığımına malik olur ki, onlar müxtəlif bioloji funksiyaları yerinə yetirə bilər və müxtəlif reseptor molekulları ilə əlaqəyə girə bilər. Kazoksin molekullarının fəza quruluşlarının öyrənilməsindən alınan nəticələr onlarin yerinə yetirdikləri funksiyaları başa düşməkdə, onlara məqsədyönlü təsir etməkdə və təbii molekulun yalnız müəyyən funksiyalarını yerinə yetirən süni analoqlarını sintez üçün təklif etməkdə istifadə  oluna bilər.

Daha sonra Əhmədov Namiq verilən sualları cavablandırmışdır.