Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

16 noyabr 2023-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda Fizika Problemləri ETİ-nin “Biofizika” şöbəsinin baş elmi işçisi, fizika üzrə elmlər doktoru, Larisa İsmayıl qızı İsmayılova “Pro-Gly molekulunun və onun komplekslərinin molekulyar modelləşdirilməsi”  mövzusunda məruzə etmişdir.

Molekulyar modelləşdirmə üsulları ilə Pro-Gly molekulunun, onun heparin və antitrombin-heparin zülal kompleksi ilə bioloji aktiv birləşmələri tədqiq edilmiş, onların konformasiya imkanları, molekullararası və molekullardaxili qarşılıqlı təsir enerjiləri, həndəsi və enerji  parametrləri təyin edilmişdir. Kvant kimyasının (DFT/B3LYP/6-31+G(d,p)) üsulu ilə molekulun optimal dartılmış və bükülmüş quruluşları təhlil  edilmiş, molekulyar orbitalları, atomların yükləri, dipol momenti və qütbləşmə parametrlərinin qiymətləri, molekulyar elektrostatik potensialın səthi müəyyən edilmişdir. Molekulyar dokinq üsulu ilə Pro-Gly molekulunun bükülü quruluşunun həm heparin, həm də antitrombin-heparin zülal kompleksi ilə daha yüksək affinlik dərəcəsi olduğu göstərilmiş, Pro-Gly molekulunun spesifik reseptorla qarşılıqlı təsiri üçün farmakofor modeli təklif edilmişdir.

Daha sonra Larisa İsmayılova verilən sualları cavablandırmış, alınan nəticələrin xüsusiyyətlərini izah etmişdir.