Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin böyük elmi işçisi Məmmədov Mübariz Zabid oğlu "Məsaməli silisiumun kimyəvi aşılama metodu ilə alınması zamanı inkubasiya müddətinin və əksetmə qabiliyyətinin yekun təmizlənmədən və formalaşma müddətindən asılılığı" mövzusunda məruzə etmişdir.
Məruzəçi əvvəlcə kimyəvi aşılama üsulu ilə yaradılan məsaməli silisium haqqında, daha sonra isə formalaşmadan əvvəl silisium lövhələrinin son emalı üçün istifadə edilən müxtəlif məhlulların tərkibinin inkubasiya müddətinə və əksetdirmə qabiliyyətinə təsiri haqqında məlumat vermişdir. Məsaməli silisium təbəqələri oksidləşdirici maddənin çatışmazlığı rejimində təkmilləşdirilmiş HF:HNO3:CH3COOH məhlulunda kimyəvi aşılama metodu ilə alınmışdır. Göstərilmişdir ki, minimum inkubasiya müddəti və əksetdirmə əmsalı lövhələrin son emalı qatı HF-da aparıldıqda alınır. Qaytarma spektrlərinin tədqiqi günəş elementlərinin əksetdirici örtüklərinin formalaşması üçün maraq doğuran əksetdirmə spektrində minimumun rəvan tənzimlənməsinin mümkünlüyünü təsdiq edir.
Çıxış maraqlı diskussiyaya səbəb olmuş və Mübariz Məmmədov verilən sualları cavablandırmışdır.