Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

12.10.2023-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda Fizika Problemləri ETİ-nin “Kondensə olunmuş hal fizikası” şöbəsinin böyük elmi işçisi Ləman Abdullayeva “Metal-yarımkeçirici kontaktının xassələrinin mürəkkəb sistemlər nəzəriyyəsinə görə araşdırılması”  mövzusunda məruzə etmişdir.

Məruzədə məqsəd metal-yarımkeçirici kontaktlarının toxunma səthinin qeyri-bircinsliliyini nəzərə almaqla kontaktda baş verən elektrofiziki xassələri mürəkkəb sistemlər nəzəriyyəsi baxımından araşdırmaq olmuşdur. TiCu polikristal strukturlu xəlitənin (111) oriyentasiyalı n-tip Si-la kontaktı tədqiq edilmişdir. Kontaktın xassələrini araşdırarkən müxtəlif parametr və xassələrə malik çoxsaylı bircins elementar subkontaktların paralel birləşməsindən yaranmış sistemin mürəkkəbliyi nəzərə alınmışdır.

Daha sonra Ləman Abdullayeva verilən sualları cavablandırmış, alınan nəticələrin xüsusiyyətlərini izah etmişdir.