Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

10.11.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir. Seminarda “Nəzəri fizika” şöbəsinin kiçik elmi işçisi, f.ü.f.d. Nərmin Hüseynova “AdS/KXD-nin sərt divar modelində deytronun elektromaqnit form faktorları, tenzor polyarizasiyaları, struktur funksiyaları, yük və maqnit radiuslarının tədqiqi” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi AdS/KXD-nin sərt divar modelində deytronun elektromaqnit form faktorları, tenzor polyarizasiyaları, struktur funksiyaları, yük və maqnit radiusları tədqiqindən danışmışdır. Tvist τ = 6 vektor sahəsi üçün hərəkət tənliyi alınmış, analitik olaraq həll edilmiş və sərhəddə deytronu təsvir edən profil funksiyası tapılmışdır. Deytronun əsas haldakı kütləsinə uyğun olaraq AdS fəzasının infraqırmızı sərhəddi təyin edilmişdir. Deytron və foton sahələrinin qarşılıqlı təsirləri üçün ümumi Laqranjianlardan deytronun yük monopol, kvadrupol və maqnit dipol form faktorlarının, tenzor polyarizasiyalarının, struktur funksiyalarının analitik ifadələri alınmış və ötürülən impulsun kvadratından asılılıqları qurulmuşdur. Həmçinin yük və maqnit radiusları üçün ifadələr alınmış və ədədi qiymətləri hesablanmışdır. Göstərilmişdir ki, AdS/KXD-nin sərt divar modelində deytronun elektromaqnit form faktorları və tenzor polyarizasiyalarının ötürülən impulsun kvadratından asılılıqları yumşaq divar modelindəki və təcrübi nəticələrlə uyğundur. Alınmışdır ki,  deytronun struktur funksiyalarının ötürülən impulsun kvadratından asılılıqları, eləcə də yük və maqnit radiuslarının ədədi qiymətləri, yumşaq divar modelindəki və təcrübi nəticələrə yaxındır.

Daha sonra Nərmin Hüseynova verilən sualları cavablandırmış, aparılan nəticələrin xüsusiyyətlərini izah etmişdir.