Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

10 oktyabr 2024-cü il tarixində  “Fizika problemləri” ETİ-nin “Yaşıl dünya naminə həmrəylik ili”-nə həsr olunmuş Elmi seminarı keçirilmişdir.

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin böyük elmi işçisi Elşən Nəsirov “E-tarım sulama layihəsi” mövzusunda məruzə etmişdir. Institutun direktoru S.Rəhimov seminarın əvvəlində qeyd etmişdir ki, Bakı Dövlət Universitetinin nəzdində “Fizika problemləri” ETİ-nin “Kondensə olunmuş hal fizikası” şöbəsinin böyük elmi işçisi Elşən Nəsirovun rəhbərlik etdiyi və “Biofizika” şöbəsinin dissertantı Sara Rəhimzadənin üzvü olduğu “ESST-6” komandası finalında 1270 komanda, 6514 finalçı yarışan “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsində III yerə layiq görülüb. Daha sonra qalib layihəni təqdim edən  məruzəçi Elşən Nəsirov tərəfindən qeyd edilmişdir ki, layihədə kənd təsərrüfatında avtomatik sulama, gübrələmə və torpağın monitorinqini həyata keçirmək üçün robot texnikasından istifadə imkanları və süni intellektin tətbiqi araşdırılmışdır.

Qalib komandanın yaratdığı sistem, mərkəzi və bir neçə sahə stansiyasından ibarət olmaqla süni intellektin tətbiqi ilə əkin sahələrini avtomatik sulama, gübrələmə və torpağın monitorinqini həyata keçirmək üçün nəzərdə tutlmuşdur. Sahə stansiyaları müxtəlif sensorlar vasitəsi ilə torpağın nəmliyini, duzluluğunu və temperaturunu ölçür və bu parametrləri radiodalğalarla mərkəzi stansiyaya ötürür. Mərkəzi stansiya xüsusi proqram sayəsində sahə stansiyasından gələn məlumatları (nəmlik, duzluluq və temperatur) və əkilmiş bitki növünün optimal məhsuldarlığı üçün suvarılma meyarlarını analiz edir, sahənin nə zaman və nə qədər sulanmasına qərar verir və avtomatik qurğularla bunu həyata keçirir. Eyni zamanda hazırladığımız mobil aplikasiya vasitəsi ilə fermer mobil telefonundan bütün məlumatları və prosesləri izləyə bilir və lazım olduğunda prosesə müdaxilə edir. Beləliklə bu sistem insan əməyini minimuma endirir və bitkinin məhsuldarlığını artırır.

Maraqlı keçən seminarın sonunda Elşən Nəsirov verilən sualları cavablandırmışdır.