Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

09.06.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir. Seminarda “Biofizika” şöbəsinin böyük elmi işçisi, Ələkbərov Şahin “Ozonun elektrosintezi və ozon texnologiyası” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi qaz boşalmasında ozonun elektrosintezi zamanı boşalma aralığında və ozonun müxtəlif bioloji, kimyəvi obyektlərə təsiri zamanı baş verən fiziki, kimyəvi proseslər böyük elmi-praktiki əhəmiyyət daşımasında bəhs etmişdir. Bu proseslərin öyrənilməsi ozonatorlarda və digər elektrosintez qurğularında optimal şəraitin seçilməsini, məhsuldarlığın artırılmasını, ozon texnologiyasında ozon itkilərinin azaldılmasını təmin edə bilər. Heç bir kənar təsiri olmayan yeganə oksidləşdirici kimi ozon – fizika, kimya, biologiya, ekologiya, tibb və s. kimi  elm sahələrində bir çox problemlərin həllində uğurla istifadə oluna bilər.

Məruzədə müxtəlif növ (tac, səyriyən, bir qat və iki qat baryer) qaz boşalmalarında ozonun elektrosintezi, ozonun məhsuldarlığına təsir edən faktorlar, ozonatorlarda elektrosintez prosesi üçün optimal şəraitin seçilməsi, ozonun Kür, Ceyranbatan və Şollar sularında həllolması, həmin suların kimyəvi və bioloji parametrlərinə təsiri, bir sıra kimyəvi və bioloji obyektlərə təsiri, bu hadisələrdə baş verən fiziki proseslərin mexanizmi haqqında məlumat verilmişdir.

Daha sonra Ələkbərov Şahin verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.