Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir

Seminarda Fizika Problemləri ETİ-nin “Nəzəri fizika” şöbəsinin böyük elmi işçisi Gülnarə Səfərova “Faza effektlərini nəzərə alaraq Mandelştam -Brillüen səpilməsi zamanı gücləndirmə əmsalı” mövzusunda məruzə etmişdir.

Məcburi Mandelstam-Brillüen səpilməsi (SMBS) zamanı  mühitdə Stoks səpilmə dalğasının intensivliyinin fəza davranışı sabit intensivlik yaxınlaşmasında öyrənilib. Dalğaların qeyri-xətti qarşılıqlı təsiri nəticəsində fəza döyünmələrinin periodu dəyişir. Stoks səpilmə komponentinin intensivliyi faza fərqindən doldurma və akustik dalğaların intensivliyindən asılı olaraq nəzərə alınır.  Əks istiqamətdə yayılan Stoks dalğasının səpilmə prosesinin effektivliyinə qeyri-xətti mühitin ümumi uzunluğu təsir edir.

İşdə əldə edilmiş analitik ifadələrə əsasən, məsələnin optimal parametrlərinin seçilməsi SMBS zamanı Stokes səpilmə komponentinin effektiv generasiya rejimini həyata keçirməyə imkan verir. Doldurma intensivliyini dəyişdirməklə, Stoks komponentinin çıxış şüasının intensivliyini idarə etmək olar.
Daha sonra Gülnarə Səfərova verilən sualları cavablandırmış, alınan nəticələrin xüsusiyyətlərini izah etmişdir.