Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

03.02.2022-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir. Seminarda “Biofizika” şöbəsinin aparıcı elmi işçisi, Haqverdiyeva Gülnara “Bioloji aktiv maddələrin quruluş-funksiya əlaqələrinin tədqiqində molekulyar modelləşdirilmənin tətbiqi” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi biofiziki və biokimyəvi proseslərin molekulyar mexanizmlərinin tədqiqi və yeni dərman vasitələrinin yaradılması üçün aparılan müasir tədqiqat işlərində molekulyar modelləşdirmənin rolu, imkanları və tətbiqindən bəhs etmişdir. Molekulyar mexanika, molekulyar dinamika, kvant kimyası, molekulyar dokinq üsulları ilə bir sıra bioloji aktiv maddələrin konformasiya profilləri, həndəsi, struktur, elektron və spektral parametrləri, molekulyar və fiziki xassələri müəyyən edilmişdir. Tədqiq olunmuş molekulların bioaktiv quruluşları qiymətləndirilmiş və onların spesifik reseptorlarla qarşılıqlı əlaqəsi üçün farmakofor modelləri qurulmuşdur.

Daha sonra Haqverdiyeva Gülnara verilən sualları cavablandırmış, alınmış nəticələrin xüsusiyyətlərini izah etmişdir.