Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir

24.06.2021-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir.
Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin böyük elmi işçisi, Abdullayeva Ləman “Metal-yarımkeçirici kontaktında  ayrılma sərhəddinin xassələri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi elektronikanın inkişafının yeni fiziki və texnoloji ideyalar əsasında mümkün olduğunu qeyd etmişdir. Metal-yarımkeçirici kontaktının fizikası istiqamətində aparılan elmi araşdırmalar və təcrübi nəticələr bu sahəyə müxtəlif yanaşmaların yaradılmasına səbəb olmuşdur. Metalların nazik təbəqələri inteqral sxemlərin hazırlanmasında bir çox funksiyalar yerinə yetirdiyinə görə onun mikrostrukturunun bu funksiyalara təsirinin öyrənilməsi həm elmi, həm də praktiki əhəmiyyət kəsb edir. Məruzədə metal-yarımkeçirici kontaktların  ayrılma (toxunma) sərhəddində baş verən fiziki-kimyəvi proseslərdə metalın daha aktiv tərəfdaş olması göstərilmiş və polikristal metal təbəqəli qeyri-bircins metal-yarımkeçirici kontaktın elektrofiziki xassələrini əks etdirən nəticələr təqdim olunmuşdur.
Daha sonra Abdullayeva Ləman verilən sualları cavablandırmış, aparılan təcrübələrin xüsusiyyətlərini izah etmişdir.