Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir

16.07.2020 tarixində Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir.

Seminarda “Biofizika” şöbəsinin aparıcı elmi işçisi Qəzənfər Bayramov “Maye kristal nanokompozitlər və onların funksional xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi maye kristallar əsasında işlənib hazırlanan müxtəlif nanokompozitlər və onların praktiki əhəmiyyət kəsb edən funksional xüsusiyyətləri barədə, öz işləri də daxil olmaqla ümumiləşdirilmiş qısa məlumat vermişdir.

Məruzədə həm polimerin daxilinə müxtəlif növ maye kristalların əlavə edilərək kapsullaşdırılması ilə alınan materiallardan və həm də maye kristallara müxtəlif polimerlərin nanozərrəciklərinin daxil edilməsi ilə alınan maye kristal nanokompozitlərin alınması texnologiyasından və onların elektrooptik xassələrindən bəhs olunmuşdur.

Aparılan tədqiqatlarda alınan nəticələr müasir beynəlxalq səviyyədə aparılan tədqiqatların nəticələri ilə müqayisəli şəkildə təqdim edilmişdir.