10.06.2021-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir.
Seminarda “Biofizika” şöbəsinin böyük elmi işçisi, Həsənova Xavər “PVP–C6O7H5Na3 –H2O ikifazalı sistemlərinin hal diaqramlarına PVP-nin molekul kütləsinin, temperaturun, karbamidin, bəzi şəkərlərin vəbiratomlu spirtlərin təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi PVP-C6O7H5Na3–H2O qarışığında komponentlərin konsentrasiyalarının müəyyən qiymətlərində termodinamik tarazlıqda olan ikifazalı sistemin əmələ gəlməsinin müşahidə olunması, alınmış yeni sistemin hal diaqramı-binodal əyrisi və birləşdirici xətlərin meyl bucağının təyin edilməsindən danışmışdır. PVP-nin 10000, 12000, 54000 molekul kütləli fraksiyalarının, limon turşusunun natrium duzunun sulu qarışığında alınmış ikifazalı sistemlərdə PVP-nin molekul kütləsinin və temperaturun binodala təsirinə, eləcə də sistemin hal diaqramına karbamidin, bəzi şəkərlərin və bəzi biratomlu spirtlərin təsirinə baxılmışdır. Müəyyən edilmişdir ki, polimerin molekul kütləsinin artması ilə faza əmələgəlmə komponentlərin daha kiçik konsentrasiyalarında baş verir, binodallar koordinat başlanğıcına doğru sürüşür. Bu sistemlər, polimer-polimer-su ikifazalı sistemlərdən fərqli olaraq, həllolmanın aşağı kritik temperaturuna (HAKT) malikdir, temperaturun artması ilə fazalara ayrılma sürətlənir. Fazalara ayrılma prosesinə ən çox təsir edən, şəkərlər sırasından saxaroza, spirtlər sırasından isə propanol olmuşdur. Fazalara ayrılma prosesində suyun həlledici rolu olduğu müəyyən edilmişdir.
Daha sonra Həsənova Xavər verilən sualları cavablandırmış, aparılan təcrübələrin xüsusiyyətlərini izah etmişdir.