Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir

08.04.2021-ci il tarixində Fizika Problemləri ETİ-nin növbəti onlayn seminarı keçirilmişdir.

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin aparıcı elmi işçisi, Nelya Nikolayevna Lebedeva “Modifikasiya olunmuş seolitdə cərəyan keçiriciliyinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi klinoptilolit tipli məsaməli seolit-dielektrikdə elektrikkeçiriciliyi tədqiqinin nəticələrindən danışmışdır. Belə materialda keçiricilik, müsbət metal ionlarının mənfi yüklənmiş karkasın məsamələrində miqrasiyası nəticəsində əmələ gəlir. Göstərilmişdir ki, natural seolitin və seolitin silisiumla və mislə olan kompozitlərin məsamələrindəki cərəyan gaz boşalması cərəyanıdır.  Gümüş ionları olan seolit məsamələri, metaldan ionların desorbsiyasını yarada bilən anomal güclü elektrik sahəsi mənbəyidir. Seolitin məsamələrində gümüş nanohissəciklərini yaratmaq və bu nanohissəcikləri xarici sabit sahə vasitəsilə parçalamaq olar.  Daha sonra məruzəçi adı çəkilən istiqamətin perspektiv tətbiq sahələri haqqında ətraflı danışmışdır.  Daha sonra Nelya Nikolayevna verilən sualları cavablandırmış, aparılan təcrübələrin xüsusiyyətlərini izah etmişdir.