Fizika Problemləri ETİ-nin kollektivi professor Eldar Əli oğlu Məsimovu 80 illik yubileyi münasibəti ilə təbrik edirik

BDU-nun Fizika Problemləri ETİ-nin kollektivi professor Eldar Əli oğlu Məsimovu 80 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxt ömür, elmi və pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırlar.

Professor E.Ə.Məsimov 1941-ci ildə Şamxor rayonunda qulluqçu ailəsində anadan olmuşdur. O, 1957-ci ildə qızıl medalla Leninkənd, indiki Çinarlı Beynəlmiləl orta məktəbini, 1963-cü ildə isə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra E.Ə.Məsimov Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş və Ukraynanın Xarkov şəhərindəki Fizika-Texnika institutuna ezam olunmuşdur. 1969-cu ildə aşağı temperaturlar fizikası ixtisası üzrə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almışdır. Müdafiədən sonra E.Ə.Məsimov İtaliyada Roma universitetində uzunmüddətli ezamiyyətdə olmuş və orada biofizika ixtisası üzrə elmi-tədqiqat işləri aparmağa başlamışdır. Bu işlərin nəticəsi olaraq E.Ə.Məsimov 1984-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində biofizika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını almışdır. Qeyd edək ki, E.Məsimov bu ixtisas üzrə ilk azərbaycanlı fizika-riyaziyyat elmləri doktorudur.

Professor E.Ə.Məsimovun əmək fəaliyyəti Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu və Bakı Dövlət Universiteti ilə bağlıdır. O, 1970-ci ilə qədər Fizika İnstitutunda işləmiş, sonra isə Bakı Dövlət Universitetinin fizika fakültəsinin «Maddə quruluşu» kafedrasının assistenti, baş müəllimi, dosenti və professoru vəzifələrində çalışmışdır. 1992-ci ildən professor E.Ə.Məsimov həmin kafedranın müdiridir. Professor  E.Ə.Məsimov eyni zamanda 2005-2019 illərdə Bakı Dövlət Universitetinin nəzdindəki «Fizika problemləri» ETİ-nun «Bioloji sistemlər fizikası» şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Professor E.Ə.Məsimov  600-ə qədər elmi əsərin, 31 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 22 namizədlik və 4 doktorluq dissertasiyaları müdafiə edilmişdir.

Prof. E.Ə.Məsimov pedaqoji fəaliyyətini «Maddə quruluşu»kafedrasında davam etdirir, Bakı Dövlət Universitetinin Fizika Problemləri elmi-tədqiqat institutunun “Biofizika” şöbəsində isə onun rəhbərliyi altında boifizikanın müxtəlif sahələri üzrə yüksək səviyyəli elmi-tədqiqat işləri aparılır.

Fizika Problemləri İnstitutunun kollektivi Eldar müəllimə möhkəm can sağlığı, xoşbəxt ömür, gələcək elmi və pedaqoji fəaliyyətlərində böyük uğurlar və yeni-yeni nailliyətlər arzulayırlar.