“Fizika problemləri” ETİ-nin əməkdaşlarının növbəti uğuru!

BDU-nun nəzdində “Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunun “Biofizika” şöbəsinin əməkdaşlarının - aparıcı elmi işçiləri Gülnara Haqverdiyeva, Svetlana Demuxamedova və baş elmi işçi İradə Əliyevanın həmmüəllif olduğu “Study of halogen interactions in dichlorovinyldiazenes: Structural analysis, DFT simulation and molecular modeling” adlı məqalə “Journal of the Indian Chemical Society”  jurnalında dərc olunmuşdur.

Son illərdə sintez etdiyimiz iki yüzə yaxın müxtəlif dihalogenləşdirilmiş vinildiazenlərin təhlili göstərdi ki, bu birləşmələrin konformasiyası eynidir - "dayanmış velosiped", lakin molekullararası qarşılıqlı təsirlərin xüsusiyyətləri və təbiəti fərqlidir. IUPAC (2013) tərəfindən tövsiyə edilən halogen-halogen bağlarının təbiəti haqqında konsepsiyalar bu sistemlərdə müşahidə olunan molekullararası qarşılıqlı təsirlərin təbiyətini izah etmir. Təqdim olunmuş işdə ilk dəfə olaraq nümunələrdən istifadə etməklə sintez olunmuş bu cür sistemlərin quruluşu ilə onların xassələri arasında əlaqənin, həmçinin xlorun iştirak etdiyi qeyri-kovalent qarşılıqlı təsirlərin təbiətinin alqoritmi qurulmuşdur. Hesablamalar DFT metodu ilə B3LYP hibrid potensialından istifadə etməklə, qütbləşmə və diffuziya funksiyaları ilə genişləndirilmiş 6-311++G(d,p) bazisində Gaussian 09 proqram paketinin köməyi ilə yerinə yetirilmişdir. Atom yüklərinin paylanması NBO təhlili əsasında aparılmışdır. Bu molekulların reaktivliyi və molekulyar xassələrini öyrənmək və halogen atomların iştirak etdiyi qeyri-kovalent qarşılıqlı təsirlərin təbiyətini araşdırmaq məqsədilə sintez edilmiş birləşmələrin struktur parametrləri hesablamışdır. Müəyyən edilmişdir ki, Cl–C–Cl triadası müstəvi həndəsəyə malikdir və həm özünün yerləşdiyi sistemdə, həm də müxtəlif koplanar sistemlərlə atipik qeyri-kovalent qarşılıqlı təsirlər yaratmağa qadirdir.

Məqalənin linki: https://doi.org/10.1016/j.jics.2024.101447

https://www.sciencedirect.com/science/article/pii/S0019452224003273