Fizika Problemləri ETİ-nin əməkdaşlarının məqaləsi Q1 kvartilli jurnalda çap olunub.

Fizika Problemləri ETİ-nin “Kondensə olunmuş hal fizikası” şöbəsinin əməkdaşlarının məqaləsi İF 5.2 olan Q1 kvartilli jurnalda çap olunub.

Fizika Problemləri ETİ-nin “Kondensə olunmuş hal fizikası” şöbəsinin əməkdaşları Namiq Dərvişov və Vidadi Baqiyevin “Growth and temperature-tuned band gap characteristics of LiGd(MoO4)2 single crystals for optoelectronic applications” adlı məqaləsi İF 5.2 olan Q1 kvartilli jurnalda çap olunmuşdur.

LiGd(MoO4)2 optoelektronik cihazlarda və xüsusilə işıq saçan diodların  inkişafı üçün istifadə oluna bilən maddələrdən biridir. Çoxralski üsulu ilə  yetişdirilmiş LiGd(MoO4)2 monokristalları bir fazalı tetraqonal quruluşda kristallaşır. Raman spektrində bir-birindən fərqli altı  maksimum (207, 319, 397, 706,756 və 890 sm-1) müşahidə  olunmuşdur. İnfraqırmızı spektrdə (2114, 2350, 2451, 2854, 2929, 2960, 3545 və 3578 sm-1  ətrafında) səkkiz minimum qeydə alınmışdır. 300 K temperaturda qadağan olunmuş zonanın eni 3,09 eV olduğu halda temperaturun azalması ilə bu qiymət 10 K də  3,22 eV-a qədər yüksəlmişdir. Varşni modeli ilə qadağan olunmuş zonanın eninin temperaturdan asılılığı ətraflı təhlil edilmiş, 0 K-də qadağan olunmuş zonanın eni və  dəyişmə sürətinin temperaturdan asılılığı uyğun olaraq 3,23 eV və −1,45×10-3 eV/K olduğu göstərilmişdir. Kristalın otaq temperaturunda fotolüminessensiya spektrində 709 nm-ə uyğun şualanma maksimumu müşahidə olunmuşdur

Məqalənin linki: https://doi.org/10.1016/j.ceramint.2023.05.131