“Fizika problemləri” ETİ-nin əməkdaşı Elşən Nəsirovun rəhbərlik etdiyi “Humantek” komandası Robotex yarışmasında I yerə layiq görülüb

 

Bakı Dövlət Universiteti (BDU) 20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb. BDU-nun yarışmada iştirak edən 7 komandasının hər biri qalib olub. Bu komandalar arasında “Fizika problemləri” ETİ-nin “Kondensə olunmuş hal Fizikası” şöbəsinin böyük elmi işçisi Elşən Nəsirovun rəhbərlik etdiyi “Humantek” komandası yarışmada I yerə layiq görülüb.

Bu dəfə “Robotex” yarışmasında "Yaşıl sahibkarlıq" kateqoriyasında I yerə layiq görülən “Humantek” komandasının layihəsi ötən il Türkiyədə keçirilən “TEKNOFEST 2023” də III yeri qazanıb.

Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışırdı. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar.

Bu böyük qələbə münasibətilə “Fizika problemləri” ETİ-nin kollektivi BDU-nun bütün qalib komandalarını və  xüsusilə “Kondensə olunmuş hal Fizikası” şöbəsinin böyük elmi işçisi Elşən Nəsirovun rəhbərlik etdiyi “Humantek” komandasını təbrik edir və gələcək işlərində uğurlar arzulayır!