Rəşid Əli oğlu Əliyev 1954-cü il yanvar ayının 31-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində qulluqçu ailəsində anadan olmuşdur.
O, 1971-ci ildə BDU-nun Fizika fakültəsinə daxil olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmiş və Universitetin fizika fakültəsində də saxlanılmışdır. R. Əliyev bu müddət ərzində baş laborantdan aparıcı mühəndis vəzifəsinə qədər yüksəlmişdir. O, 2005-ci ildən Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda aparıcı mühəndis vəzifəsində çalışmışdır. BDU-da yüksək ixtisaslı mütəxəssis kimi tanınmış Rəşid Əliyev bir çox elmi məqalələrin, ixtiraların, səmərələşdirici təkliflərin müəllifi olmuşdur.
Erməni faşistləri tərəfindən xalqımızın başına gətirilmiş Xocalı soyqrımından sonra Rəşid müəllim bu müsibətlərə dözməyərək, 1992-ci ilin may ayında öz dissertasiyası üzərində elmi fəaliyyətini dayandıraraq könüllü silaha sarılmış, Vətənin müdafiəsinə qalxmışdır. O, 1999-cu ilə qədər öz bilik və qabiliyyətindən istifadə edərək xüsusi təyinatlı hərbi hissədə əvvəlcə kəşfiyyatçı rota komandiri, sonra isə rabitə rəisi vəzifəsində çalışmış, hərbi hissənin rabitə sistemini yaratmış və müvafiq kadrlar hazırlamışdır. Bu dövr ərzində o, baş çavuşdan kapitan rütbəsinə qədər yüksəlmişdir. O, Füzuli, Qubadlı, Ağdam, Ağdərə, Murov, Tərtər döyüşləri kimi qanlı döyüşlərdə iştirak etmişdir.
Allah rəhmət eləsin!