Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun növbəti seminarı keçirilmişdir

07.12.2023-cü il tarixində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilmişdir.

Seminarda Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin Fizika İnstitutunun Nüvə və Yüksək Enerjilər Fizikası laboratoriyasının elmi işçisi Minayə Allahverdiyeva “Vektor Mezonun Sonlu Temperaturlarda Qravitasiya Form Faktorları və Ümumiləşmiş Parton Paylanmaları” mövzusunda məruzə etmişdir.

AdS/KSN uyğunluğundan istifadə edərək sonlu temperaturlarda yumşaq divar modelində vektor mezonların qravitasiya form faktorları və ümumiləşdirilmiş parton paylanması tədqiq edilmişdir. Eyni zamanda yumşaq divar modelində soyuq halda radiusun ədədi qiyməti tapılmış və  sonlu temperaturlarda qravitasiya form faktorlarının temperaturdan asılılıq qrafiki qurulmuşdur. Ro mezonun qravitasiya radiusunun temperatur artımında azaldığını və kritik temperatur Tc = 0,2 GeV ətrafında sıfra bərabər olduğu müəyyən edilmışdir.

Daha sonra Minayə Allahverdiyeva verilən sualları cavablandırmış, alınan nəticələrin xüsusiyyətlərini izah etmişdir.